
Layihə Haqda
2012-ci ildə Avropa zubru Azərbaycanda Böyük Qafqaz dağlarında zəngin bioloji müxtəlifliyin mühafizə və bərpa edilməsi, eləcə də ekoturizmin inkişafının təşviq edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən, qorunmalı olan cəlbedici növ olaraq seçilib. Zubrun Azərbaycanda reintroduksiyasının mümkünlüyünü qiymətləndirmək məqsədilə 2012-ci ildə Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi tərəfindən Azərbaycanda Qafqaz Dağlarında yerləşən 11, çöl regionlarında yerləşən 2 potensial əraziyə sahə səfərləri təşkil olunub. 5 əsas potensial ərazi arasında ən yüksək nəticəni kiçik bir fərqlə ikinci yerdə İsmayıllı olmaqla, Zaqatala Təbiət Qoruğu əldə edib.
Yaşamağa qabil populyasiya üçün kifayət edəcək qədər münasib yaşayış mühitləri, mühafizə olunan sahə statusu, eləcə də Avropa zubrlarına nəzarət etmək və onları qorumaq üçün motivasiyalı işçi heyətinin olması səbəbi ilə Şahdağ Milli Parkında yerləşən İsmayıllı sahəsi seçilib.
Buynuz kəndi yaxınlığında reintroduksiya sahəsinin seçilməsindən sonra (Milli Parkın əsas girişlərindən biri) reintroduksiya mərkəzi yaradılıb, işçi heyət təlim və avadanlıqla təmin edilib. Reintroduksiya ilə əlaqədar beynəlxalq standartlara (Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) təlimat və tövsiyələri kimi) əsasən, heyvanlar yalnız regionun tarixi populyasiyasına ən yaxın xətt olan Düzənlik-Qafqaz yetişdirmə xəttindən (LC xətti) seçilib.
Layihənin məqsədi Azərbaycanda Şərqi Böyük Qafqaz zonasının cənub yamaclarında sərbəst yaşamağa qabil olan Avropa zubru populyasiyasının yaradılmasından ibarətdir.
Bu böyük otyeyən heyvanın reintroduksiyası ekosistemlərdə bir çox bitki və heyvan növləri üçün birbaşa və dolayı şəkildə faydalı olacaq təbii dinamikanın təmin edilməsi ilə nəticələnəcək. Bu gözəl və cəlbedici növ geniş ictimaiyyətin təbiətin mühafizə edilməsi ilə bağlı məlumatlılığını artıracaq və regionda ekoturizm və dayanıqlı sosial-iqtisadi inkişaf üçün yeni imkanlar yaradacaq.