Məkan

 

Zubrların reintroduksiya mərkəzi 3 bölmədən - zubrların saxlanması, adaptasiyası və vəhşi təbiətə alışması üçün ərazilərdən ibarət olmaqla təxminən 300 ha sahəni əhatə edir. Reintroduksiya mərkəzinin tikintisi 2017-ci ildə başlayıb və 2019-cu ilin may ayında ilk 12 (3 erkək, 9 dişi) baş Avropa zubrunun gətirilməsindən bir qədər əvvəl tamamlanıb. İlk 2 bölmə (zubrların saxlanması və adaptasiyası üçün ərazi) təxminən 3 hektar ərazini əhatə edən metal konstruksiyalarla inşa edilib. Ən böyük bölmə – zubrların vəhşi təbiətə alışması üçün ərazi sadəcə elektrik çəpərləri ilə əhatə olunub və palıd, vələs, göyrük, yemişan, fıstıq və başqa ağaclardan ibarət enliyarpaqlı meşələrlə örtülü dağ yamaclarını əhatə edir. Kolluqlar əsasən böyürtkən və gəndalaş kollarından ibarətdir. Heyvanlar vəhşi təbiətə alışma ərazisindən Şahdağ Milli Parkının əsas ərazisinin meşələri və çəmənlərinə asanlıqla buraxıla bilər.

 

Azərbaycanın Şahdağ Milli Parkında yerləşən reintroduksiya ərazisi  

Şahdağ Milli Parkı Alp çəmənlikləri, dağlıq qarışıq meşələr, altdağlıq enliyarpaqlı meşələr kimi müxtəlif ekosistemlər daxil olmaqla, təxminən 130 000 ha ərazini əhatə edir. Avropa zubrunun reintroduksiyasının həyata keçirildiyi ərazi Şahdağ Milli Parkının 1969-cu ildən bəri 40 000 ha ərazisi mühafizə edilən əsas ərazisidir. O, meşəli yamaclardan (qarışıq enliyarpaqlı meşə və kolluqlar), açıq sahələrdən və yüksəkliklərdəki subalp çəmənliklərindən ibarətdir. Dəniz səviyyəsindən yüksəklik təxminən 600-2500 m arasında dəyişir. İqlim qışda mülayim qarlı, yayda isə isti olur. İllik yağıntı aşağı yüksəkliklərdə təxminən 800 mm, ən yüksək hissələrdə isə 1000 mm təşkil edir. Qar örtüyü hündürlüyü 10-50 sm olmaqla, 40-60 gün qalır. Aşağı yüksəkliklərdə palıd və vələs meşələri mövcuddur, daha yüksək hissələrdə isə (1000-2000 m) fıstıq növləri tədricən üstünlük təşkil etməyə başlayır. Alp çəmənlikləri mövsümi olaraq mal-qara üçün yay otlaqları kimi istifadə olunur. Böyük məməlilərə qaban, ceyran və cüyür, dağkeçisi, şərq dağkeçisi, boz canavar, vəhşi pişik və boz ayı daxildir.